Saturday, January 14, 2012

Təbriz azərbaycanlıları ilə, Tehran azərbaycanlıları arasında böyük uçurum var. təbrizlilərin millətçi dünyagörüşünü tehranlı azərbaycanlılar anlamır. Bunun bir neçə səbəbi var. Ən əsas səbəb sosial səbəbdir. Tehrana vaxtaşırı köçən və köçürülən azərbaycanlılar əsasən Azərbaycanın kəndlərindən köçənlərdi, Təbrizin özündən Tehrana nisbətən az adam köçür, köçən birbaşa Tehrana, ölkənin ən böyük şəhərinə köçür. Burada isə o artıq öz sosial köklərindən qırılır. Azərbaycanlı kəndli şəhərliyə çevrilir, ancaq bu şəhər tam mənasında Azərbaycan şəhəri olmadığına görə öz milli identifikasiyasını itirir və özünü ümumiran milləti kimi identifikasiya edir. Olur fars. Ancaq burada bir neçə ziddiyətli məqam var. Fars identifikasiyası son bir neçə onillikdə transformasiyaya uğramakdadır. Bunun obyektiv səbəbləri var. Öncə bilmək lazımdır ki, fars identifikasiyasının əsasları nədir. İranda fars olmaq orta sinfə aid olmaq deməkdir. Yəni etnik mənsubiyyətindən asılı olmayaraq orta sinifə aid olan, özəlliklə böyük şəhərlərdə yaşayanlar özlərini fars hesab edirlər. İranda orta sinif həmişə aparıcı olub. Bu mənada İran müsəlman ölkələri arasında da seçilib. Rza şahın islahatlarının son mərhələsi məhz orta sinifin maraqlarına zidd olduğuna görə mollalar onu devirdi. Xatırlatmaq lazımdır ki, Rza şahın modernizasiyası, xarici inhisarlarla əlbir işlərdə və xarici istehsalın daxili xırda və orta burjua sənayə istehsalını və dehqan təsərrüfatını məhv olunmaq səviyyəsinə gətirmişdi. Mollalar məhz orta sinfin marağında olan islam modelini seçdilər. Farslar islamla öz mövqelərini qoruya bildilər. Ancaq bu çox çəkmədi. Qavqaz Azərbaycanında olan siyasi-iqtisadi dəyişikliklər, Arazın o tayına və Anadoluya təsir etməyə bilməzdi. Aydınlaşmağa başladı ki, İranda sən demə aparıcı millət farslar deyil. Farslar sadəcə olaraq bu millətlərdən biridir, özüdə birincisi də deyil. Birinci yəni titul millət isə, əsasən orta sinifdən kənarda qalan azərbaycanlı türklərdir. Yəni azərbaycanlılar həm ortadan aşağı, həm də ortadan yuxarı olan kəsimi təşkil edirlər. Çünki məsələn Tehrana köçən varlı azərbaycanlı öz kökündən ayrılsa da, onun azərbaycanda olan keçmiş mülkləri ilə əlaqəsi tam qırılmayıb. Kasın azərbaycanlı isə, məhz inqilabdan əvvəlki mülkədarını Tehranda görəndə ya gərək ən azından üzünü o biri tərəfə çevirsin, ya da farsca danışsın ki, mülkədar onu tanımasın. Beləliklə Tehranda azərbaycanlılar birləşə bilmirlər. Molla -farslarda bundan məharətlə istifadə edib, azərbaycanlıların arasına nifaq salır və ölkədə hakimiyyəti öz ələrində saxlaya bilirlər.

Thursday, January 12, 2012

Narazı müxalifətçi, yoxsa özündən razı frondaçı.

Narazı müxalifətçi, yoxsa özündən razı frondaçı.
İsa Qəmbərin Musavat partiya başqanlığından gedir. Hər halda elan olunub. İsa Qəmbərin bu addımını, YAP-çı Əli Əhmədov siyasi uğursuzluq və hakim partiyanın qələbəsi kimi izah edir. Ancaq Əli Əhmədov görmür və yaxud görmək istəmir ki, İsa Qəmbərin uğursuzluğu iqtidar uğursuzluğunun əlamətidir. Bir az öncəyə qayıdaq. 1992-ci ildə Musavat partiyasını yaradarkən, İsa Qəmbər əslində bəlkə də Elçibəyin məğlubiyyətini və Heydər Əliyevin iqtidara gəlməsini bilirdi. Kim də bilməsə, dövlətin ikinci məmuru bunu bilməli idi. Heydər Əliyev iqtidarının müxalifəti olmaq, siyasətdən tamam uzaqlaçdırılmaqdan və, bəlkə də məhv edilməkdən daha yaxşı idi. (İngilis siyasi ən-ənəsində belə bir deyim var(We are not the opposition  to  His Majesty, we are His Majesty,s  opposition). Əlahəzrətə qarşı olan müxalifət deyilik, əlahəzrətin müxalifətiyik.  
        Əlbəttə bundan əlavə İsa Qəmbər müəyyən ümidlər də bəsləyə bilərdi və indi də bəsləyir. Atalar yaxşı deyib. Yaralı ilan təzə ay görməsə canı çıxmaz. Bu daha çox  iqtidara aid olsa da, iqtidarın müxalifətinə də müəyyən mənada aiddir.  Axı Türkiyədə də islamçılar birdən-birə  iqtidara gəlmədi və nə vaxt gedəcəkləri də bilinmir. Yeri gəlmişkən Türkiyədə bir neçə dəfə baş verən çevriliş, Heydər Əliyevin çevrilişi ilə mahiyyət etibarı ilə eyni prosses idi. Bircə fərq odur ki, Azərbaycanda ordu ən-ənəsi olmadığına görə bunu xüsusi xidmət generalı etdi. Və indi İlkər Başbuqun başına gətirilənlər, İsa Qəmbərin iqtidara gəlməsi ehtimalında, Heydər Əliyevin də başına gətirilə bilərdi.  Bundan başqa isə hələ ayetullahlarda var. Ancaq bu barədə bir az sonra.  İsa Qəmbərin islamçı olması isə nə qədər də çoxuna aydın olmasa da, İP –də ki  son hadİsələrdən sonra, şübhə qalmadı. İsa Qəmbər Azərbaycanı Türkiyəyə, özünü isə Ərdoğana  oxşatmasında yanıldı. Ona görə yox ki, İsa bəy, Ərdoğandan fərqli olaraq, iqtidarda bir dəfə olmuşdu. Yeri gəlmişkən Mir Huseyn Musəvi də, bir dəfə iqtidarda olmuşdu. Və “Yaşıl hərəkat” lideri də İsa Qəmbər kimi, əlahəzrətə qarşı deyil, əlahəzrətin müxalifəti idi. Elə ona görə də Bakıda İsa(vi) itidara gələ bilmir, Tehranda isə Musəvi.  Ancaq bütün bunlar ən azından söz oyunudur və giriş üçün lazım idi. Obyektiv və ciddi təhlil isə siyasi-iqtisadi müstəvidə xırdalanmalıdır. Bunu  isə neft amilinin araşdırıması olmadan anlamaq  mümkün deyil. Azərbaycan Respublikasını, İran və Türkiyə İslam Cumhuriyyətləri ilə müqayisə edəndə, aydın görmək olar ki, birində neft var, o birisində turizm. Birində ağır sənayə inkişaf edib, o birisində yüngül. Azərbaycan Respublikasında isə həm neft var, həm də (turizm)Avroviziya. Hər halda bu illik turistlərlə təmin olunmuşuq. Deyəcəksiz ki, bütün bunların mətləbə nə dəxli var? Əvvəla Ərdoğanın sosial bazası, xırda burjuaziyadı, yəni  halvaçılar(Təxminən Yabançı Damat serialında olan halvaçılar kimi). Halvaçıların pulu isə turistlərdən çıxır. Klassik mənada proletariat isə Türkiyədə necə yox idi, elə indi də yoxdur. Çünki Türkiyədə sənaye yoxdur. Yığmağa qalsa isə, Özbəkistan da Hunday  maşınlarını yığır. Bu isə onun güclü iqtisadiyyatının olmasına dəlalər etmir. İranda isə elə İsfahan poladdökmə zavodu nəyə istəsən dəyər.  Təbrizin traktor və maşınqayırma zavodları. Heç Nüvə Elktrik stansiyasından danışmıram da. Türkiyədə isə, olsa-olsa, zirzəmilərdə corab toxuyan kürdlərlə qarşılaşmaq olar. Əgər sizi o zirzəmilərə buraxsalar. İranın xarici ekspertləri öz nüvə obyektlərinə buraxmaması yadıma düşdü. İranda sənayələşmə Rza şahın dövründə başladı. Və xırda burjua sinfinin məhvi ilə nəticələnəcəkdi, Xomeyni iqtidara gəlməsəydi. Xomeyni əslində İranın əsasən xırda burjua sinfi ilə təmsil olunan fars millətini xilas etdi. İndi isə İranda yenə 1979-cu il qabağı iqtisadi prosseslər gedir. Ona görə də farslar getdikcə mövqelərini itirməkdədirlər. İqtisadi böhran İranda artıq çox dərin həddə çatıb. Və xırda sexləri dolandırmaq mümkün deyil. Nüvə proqramı da elə buna görə lazımdı. Yox-yox biz mətləbdən uzaqlaşmırıq. Bunu  anlamaq üçün İsa Qəmbərin və məsələn Pənah Hüseynin İP-də, Arif Kəskinin çıxışına olan reaksiyalarda və İsa Qəmbərin Azərbaycan iqtidarına İsrailə qarşı Ərdoğan siyasətinə dəstək verilməsinə məsləhət görməsinə diqqət yetirmək yetərlidir. Yadınıza salım ki, İsa Qəmbər onda Arif Kəskinə dedilər ki, siz, yəni güney hərəkatçılar, Musəvi ilə birləşsəz yaxşıdı. Görünən odur ki, sonda belə də olacaq. Axı Güney milli hərəkatı nədənsə Tehranda işləyən türkləri unudur. Bu isə o deməkdir ki, sonda türk və başqa xalqların işçilərinin birlikdə çıxışları, elə türk və fars burjuaziyasını birləşdirəcək. Nə isə deyəsən bir az dərinə getdik. Bu barədə ayrıca yazı yazmaq gərəkdir.
       Müxalifətlə müəyyən mənada durum aydınlaşdı. İndi keçək iqtidara. Yəqin ki, iqtidar anlamır, bəlkə də anlayır ki, İsa Qəmbər fəal siyasətdən getməsi iqtidarın bampersiz maşın sürməsinə oxçayacaq. İsa Qəmbərin başqanlıqdan getməsi, ona daha yüksək səviyyədə legitimləşməsi, iqtidar üçün, gərəkdir. Çünki xalq arasında, söhbət narazı orta burjuaziyadan getmir, narazılıq artdıqca, iqtidar İsa Qəmbəri daha çox dəyərləndirəcək. Uzun sözün qısası, İsa Qəmbər narazı müxalifətçidən, özündən razı Fraondaçıya çevrilmək istəyir.          

Monday, January 9, 2012

Azərbaycanda ərəb baharı ola bilərmi?

Azərbaycanda ərəb baharı ola bilərmi?
Gəlin araşdıraq. Ümumiyyətlə ərəb baharı nədir,qeosiyasi oyun, yoxsa sosial əsasları olan hərəkat? Əgər sosial əsasları varsa, bunlar hansılardır?  Baxaq görək, Tunisdə sosial durum necə idi? Dövlət sektorunun aparıcılığı, xırda bazar ünsürünün turizm  və başqa xidmət sahələrində daldalanması. (Yadınızdadırsa qiyam göyərtisatanın özünü yandırmasından sonra başladı). Misir liberal kurs götürməsinə baxmayaraq, liberalizm burada da ancaq turizm sahəsində var idi. Misir tarixən mərkəzləşmiş bir dövlət olub. Bu kənd təsərrüfatında, əksər Şərq ölkələrində olduğu kimi, suvarma spesifikası ilə bağlıdır. Buna görə Misirdə də iqtisadiyyatda dövlətin rolu aparıcı idi. Təkcə onu demək yetər ki, demək olar ki, əksər ərəb ölkələrində çörəyin yuxarı qiymətini dövlət təyin edir. Liviya son vaxtlar bəzi liberal elementləri çıxsaq, iqtisadiyyat yenə dövlətin əlində idi. Qəddafini sosialist idi, hər halda öncələr.  Suriyada bildiyimiz kimi indi də hakim partiya BƏƏS millətçi-sosialist partiyasıdır. Təbii ki, bu ölkənin aparıcı istehsal sahələri yenə dövlətin əlindədir. Beləliklə aydın olur ki, bu və adlarını çəkmədiyimiz bir çox başqa ərəb ölkələrində də, iqtisaiyyatın aparıcı sahələri dövlətin əlindədir. Əlbəttə ki, bu burjuaziyanı razı sala bilməz. Onda bəs niyə bu burjuaziya indiyə kimi, diktatorlara dözürdü? Başqa cürə ola da bilməzdi, axı burjuaziya öz daxili proletariatından qorxurdu, buna görə ona diktator gərək idi. Bundan başqa subyektiv səbəblər də var idi. Məsələn texnoloji prossesin inkişafı idarəetmənin təmərküzləşməsinə aparırdı. Bu da texnokrat diktatorların iqtidara gəlməsini labüd edirdi. Bundan başqa qeosiyasi səbəblərdə var ki, bu səbəbləri sizə istənilən məktəbin üçüncü sinif şaqirdi də izah edə bilər.
     Bütün bunlar bizə tanış deyilmi? İqtisadiyyatın dövlətin əlində olması və sairə. Əlbəttə, biz sosialist iqtisadiyyatının nə olduğunu yaxşı bilirik. Bizim “ərəb baharımız” 90-cı illərdə olub. İndi isə Azərbaycanda iqtisadiyyatın  demək olar ki   bütün sahələri özəldi.  SOCAR kimi inhisarçı da özəldi. Onun qiymətli kağızları dünyada babat reytinq sahibidi.  Müxalifət bağırır ki, ölkə korrupsiya içində boğulur. Boğulmur. Liberalizm korrupsiyanı sıxışdırır, ancaq başqa problemlər yaradır. İşsizlik. Təminatsızlıq və sairə. Problem korrupsia səviyyəsində deyil. Həmin adlarını çəkdiyim və çəkmədiyim Şərq ölkələrində korrupsiya bizimkindən dəfələrlə çoxdur. Problem korrupsiyanın olmamasındadır. Əlbəttə bu bir söz oyunudur. Bəzən bizdə deyirlər ki, korrupsiya inhisar yaradır. Yox inhisar korrupsiyanı  yaradır. İranda da oxşar durum yaşanır. İran ərəb ölkələrindən o qədər də fərqlənmir. Düzdür burada özəl sektor yetərli qədər güclüdür, daha doğrusu güclü idi. İndi isə getdikcə zəifləməkdədir. Getdikcə ölkənin əsas istehsal sahələri inhisarlaşmaya məruz qalır. Ölkənin əsas aparıcı sahələri demək olar ki, SEPAH-ın nəzarətindədir. Bu da öz növbəsində korrupsiya yaradır. Yeri gəlmişkən nüvə işləmələri  də inhisarlaşma və korrupsiya üçün geniş imkanlar yaradır.
   Şərqdə iqtisadi hakimiyyətin bir əldə cəm olmasının səbəbkarı olan texnoloji gəlişmə, o biri tərəfdən bu texnokrat hakimiyyətlər üçün sosial şəbəkələr vasitəsi ilə  ölüm hökmü çıxarır. İran mollakratiyası sosial şəbəkələri də inhisara almağı düşünür. Bu siyasi addımdır, yoxsa iqtisadi. Bu da araşdırılmalıdır. İstənilən halda mollalar sosial şəbəkənin necə vacib bir resurs olduğunu anlayırlar. 

Tuesday, January 3, 2012

Dovşan qaç, tazı tut!

ABŞ və indi də Fransanın molla rejiminə qarşı israrla tələb etdiyi sanksiyaları hansı məqsəd daşıyır? İrana qarşı bu sanksiyalar bu və ya digər formada 30 ilə yaxındır tətbiq olunur. Nəticəsi? İndiki sanksiyalar İranda molla rejiminin dağılmasına tuşlanıb, yoxsa əksinə onun daha da güclənməsinə? Niyə İrandaki rejimin çökməsində türklərin, kobud desək, istifadəsindən israrla imtina olunur, və bütün gücü iqtisadi "sanksiyalara" yönəldilir. Və bunun üçün niyə məhz nüvə məsələsi "səbəb" kimi göstərilir, bu rejimin kökündən mühafizəkarlığına isə göz yumulur. Belə sual ortaya çıxır ki, İran nüvə istehsalına son qoysa, onda ABŞ ondan əl çəkəcəkmi? Bütün bu suallara cavab vermək üçün iqtisadi böhranın fəsadlarını nəzərə almadan cavab vermək olmaz. Bir. İqtisadi böhran Qərbin aparıcı istehsal sahələrini çökdürüb. İstehsalın azalması, İranın da fəal ixracatçısı olduğu neftə olan tələbatı azaltmaya bilməzdi. Neftə olan tələbatın azalması qiymətləri azaltmalı idi, və bunun zərbəsi bütün netf ixracatçılarına o cümlədən İrana(yeri gəlmişkən Rusiyaya da) zərbə olmalı idi. Bəs nə üçün vəziyyəti gərginləşdirməklə(Fars körfəzindəki manevrlər nəzərdə tutulur) ABŞ faktiki olaraq neftin qiymətinin qalxmasına və nəticə etibarı ilə İran rejiminin də(və yeri gəlmişkən Rusiya rejiminin) də xilasına səbəb olan addımlar atılır? Bu günlərdə İran valütası olan rialın dollara olan nisbəti tarixi minimuma düşdü. İqtisadçılar bilir ki, hər hansı bir ölkənin valütasının dəyərdən düşməsi, bu ölkənin ixracının güclənməsinə gətirir. Deməli İran neft ixracını artırmalı idi. Dollar bahalaşdıqca neftin qiyməti ucuzlaşır, bu obyektiv səbəblərdi, yəni iqtisadi, beləliklə əgər sanksiyalar olmasa idi, onda İran neft ixracatını artıracaqdı. Çünki onun gəliri neftdən asılıdır. Çevrə bağlandı. Ancaq məhz burada Çin amili ortaya çıxır. Çin heç cürə sanksiyalara razı deyil. Rusiya razıdır, çünki o da neft satır, İran kimi rəqibin neytrallaşdırılması, Rusiya iqtidarına, ölkədəki siyasi böhran şəraitində hava və su kimi gərəkdi. Qalır ancaq Çin, Çin isə bildiyiniz kimi, dünyada ABŞ -dan sonra ikinci iqtisadiyyatdır. Burada bəzi özəlliklər çox maraqlıdı. Çin iqtisadiyyatı, əslində ABŞ iqtisadiyyatı ilə üzvü bağlıdır. Sirr deyil ki, ABŞ bütün əsas iri TMK-ları Çində biznesə malikdir. Və bu azmış kimi Çinin demək olar ki, bütün sənayəsi ABŞ TMK -ları ilə ortaqdır. Beləliklə burada ataların bir misalı yada düşür, "dovşan qaç, tazı tut". Deməli bu sanksiya ümumilikdə dünya iqdisadiyyatına zərərli olsa da, neftin qiyməti qalxır axı, o biri tərəfdən iri netf şirkətlərinə(netf spekulyasiyasına görə), və Çinlə ortaq olan iri avtomobil və başqa şirkətlərə sərfəlidir. Bundan başqa bu ABŞ üçün militarizasiya kursunu davam etmək üçün də sərf edir, axı sosial xərclər, İrana qarşı savaş adı ilə hərbi xərclərə yönəldilir, və burada yenə iri şirkətlər udur, axı ABŞ silah istehsalı yenə iri avtomobil və onlarla bağlı şikrətlərə həvalə olunur. Və bu, nə qədər qəribə olsa da, İran rejimi üçün də sərfəlidir, camaat üçün yox, çünki mollalar xarici təhlükə bəhanəsi ilə daxili müxalifəti də məhv eidrlər. Bu isə birbaşa Azərbaucan milli hərəkatına təhlükədir.

Monday, January 2, 2012

Fərha Əliyev niyə yeni Hacı Zeynalabdin ola bilmədi?

Azərbaycanda nədənsə belə təsəvvür var ki, iqtidar dinçiləri sıxışdırır. Gəlin baxaq doğrudanmı bu belədi. Əvvəl aydınlaşdırmaq lazımdı, iqtidarın sekulyar istiqamətli inkişaf siyasəti ilə din istiqamətli siyasət arasında var-gəl etməsinin səbəbi nədir? İndi dəbdi bunu qeosiyasi səbəblərdə axtarmaq. Yəni iqtidar Qərbə meyl edir, çünki Avropaya inteqrasiya yolunu tutub, o biri tərəfdən də Şərq aləminə aid olduğunu anlayır və bunu nəzərə almaya bilməz. Bu ən sadə, məktəbli uşaqlarında anlayacağı, bir izahdır. Ancaq bir az dərin təhlil aparsaq onda bu problemin qeosiyasi müstəvidə deyil, siyasi-iqtisadi müstəvidə olan bir məsələ olduğunu görmək olar. Siyasi- iqtisadi terminlərlə danışanda iqtidarın bonaparist siyasət yürütdüyünü görmək olar. İqtidar iri sekulyarist burjuaziya ilə, dinçi xırda burjua ünsür arasında balans yaratmağa çalışır. Əlbəttə burada subyektiv amil kimi qeosiyasət də var. İran və indi də artıq Türkiyə dinçi xırda burjua yönlü siyasət apardığına görə, bunun əksinə olaraq Azərbaycan iqtidarı əsasən iri burjua sekulyarist yönlü siyasət aparır. Elə buna görə Petkim artıq Azərbaycana məxsusdur, İran neft sənayəsi isə dağılmaq ürədir. Ancaq bu barədə bir az sonra. Obyektiv səbəb isə yenə siyasi-iqtisadi müstəvidədir. Azərbaycanda xırda burjua dinçi(əslində isə sosialist) siyasəti mümkün deyil, çünki Azərbaycanda xırda burjua ünsür siyasi cəhətdən çox zəif və qorxaqdır(ənənəvi müxalifət məhz bu quvvələrin marağından çıxış etməyə çalışır, onun dinçi siyasəti bununla izah olunur). Bunun səbəbi nədir, yəni xırda burjua ünsürün zəif olmasının? Azərbaycanda bazar iqtisadiyyatına keçid, qısa müddətli və sıçrayışlı olduğuna görə, burada xırda burjua ünsür özünə güclü mövqe seçə bilmədi. İri maqnatlar birbaşa bazar modelinə keçiddə bütün əsas istehsal sahələrini ələrinə keçirə bildi. Sirr deyil ki, Azərbaycan Respubliksaında əsas istehsal vasitələri ya dövlətin ya da dövlət məmurlarının əlindədir. Bunun da obyektiv səbəbləri var. İri neft sənyəsi yeni şəraitdə (Hacı) Zeynəlabidin Tağıyev kimi ünsürü yarada bilməzdi. Çünki hər bir sahədə olduğu kimi, netf sənayəsində də texnoloji prosses iri inhisar tipli müəssisələri labüd etdi ki, bunu da Hacı Zeynalabdin və Murtuza Muxtarov kimi adamlar, yeni şəraitdə idarə edə bilməzdilər. Əslində Fərhad Əliyevin Azpetrol şirkətinin əlindən alınmasında da bu amil dururdu. Hacı Zenalabdin Tağıyev Nobel qardaşları ilə rəqabət apararkən bütün yerli xırda və orta, əsasən azərbaycanlı, neft sənayəçiləri ilə şərikli səhmdar cəmiyyətlrəri yaradmışdı. İndiki dönəmdə BP və Total kimi nəhənglərlə rəqabət aparmaq üçün ən azından Fərhad Əliyev, ərəb neft şeyxləri ilə şərik olmalı idi. Ancaq həmin bu ərəblər artıq həmin bu bp və Total ilə şərikdirlər. Beləliklə yeni hacılar o hacılardan fərqli olaraq çox zəif, qorxaq və deməli heç bir siyasi mövqeyi olmayan bir ünsürdür. İlham Əliyev iqtidarı buna görə daha çox məhz dinçi yox, sekulyar iri burjua maqnatlarının marağına cavab verən siyasət aparmaqdadır.

Sunday, January 1, 2012

Gəlin oyun qaydalarını dəyişək.

Çox vacib və maraqlı hadisələr cərəyan edir. Ancaq daha çox qeosiyasi nisbətlər qabardılır. Bu qəribə deyil. Ancaq iqtisadi böhran yeni siyasi-iqtisadi çalarlar qatır bu məsələlərə. Ermənistan və İsrail, eləcə də İran qeosiyasi konstruksiyalar kontekstində mövqe ortaya qoyursa, biz daha çox bu məsələdə uduzuruq. Belə olan halda biz qeosiyasi deyil, siyasi-iqtisadi məzmunla bunun qarşısını ala bilərik. Məsələn Ərdoğan Fransa parlamentində erməni soyqırımı ilə ilgili qanunun qəbul olunmasına qarşılıq olaraq, Fransadaki narazı immiqrantları qaldıra bilərdi, ancaq etmədi. Çünki Ərdoğan qeosiyasətçidir, inqilabçı deyil. Ancaq ərəblər Yeni il gecəsi yenə Parisdə 20 maşın yandırdılar. Əlbəttə ərəblər bunu soyqırım qanununa görə etmədilər, sadəcə olaraq onlar narazıdır, və bu narazılıq siyasi-iqtisadi müstəvidədir. Əgər Ərdoğanın yerində tutaq ki, Lenin olsaydı, o bundan yararlanardı. Demək istədiyim odur ki, biz qeosiyasi oyunlarda, bu oyunları icad edənlərlə yarışa bilmərik. Bu oyunun icad edənləri və fəal tərəfdarları arasında isə, həm erməni həm də yəhudi lobbisi var. İran dediyiniz kimi bəzi siyasi-iqtisadi(əslində şiyəçilik kasıbların təriqəti olub)elementlərdən istifadə edir. Ancaq İran bu məsələdə dərinə gedə bilməz, təbii ki, çünki İranda da narazı ordusu var(maddi cəhətdən). Şahmat oyununda iştirakçılar öncədən, hər hası bir strateqiyaya görə oyunlarını qururlar. Siciliya müdafiyəsini oynayana qarşı Siciliya müdafiyəsi ilə cavab vermək düz deyil. Rəqibi ancaq öz oyun qaydalarına çəkməklə məğlub etmək olar. Gəlin oyun qaydalarını dəyişək.
Azərbaycanda milləti gələcəyi ilə deyil keçmişi ilə tanıyırlar, daha doğrusu yanlış olaraq tanımağa çalışırlar. Məsələn millət anlayışının indiki məzmununu və gələcək perspektiv inkişafını qoyub, keçmişdə eşələnirlər. Aydındı ki, keçmişlə maraqlanmaq lazımdı. Hətta bizlərdə belə bir misal da var-"keşmişinə güllə atanı, gələcəyi topa tutar", ancaq bu işdə də hər işdə olduğu kimi aşırılığa varırıq. Məsələn milliliyin etnik-bioloji əsas üzərində(vacib deyil turanlılıq olsun, ya iranlılıq) əsaslandırması, hətta DNK araşdırılmasına qədər gedib çıxır. Bildiyiniz kimi indi Böyük Partlayış və insanın klonlaşdırması kimi səmərəsiz elmi nəzəriyyələrin sırasında, bir necə irqçi- bioloji nəzərəiyyə də var. Məsələn kişi xromosomları ilə keçən(guya irqi xüsusiyyətlər). Avropa "alimləri" belə bir iddia atıblar ortaya ki, kişi xromosaomları daşıyıcılar ilə irqin əzəlini öyrənmək olar. Olsun, ancaq onlar iddia edirlər ki, bu hindavropa irqidir, və belə çıxır ki, ayıb olmasın başqa irqlərdən olanların anaları fahişə olub. Çox maraqlı nəzəriyyədi! Bizimkilər də həmişə olduğu kimiməsələni araşdırmamış, düşüblər bu giydirmə alimlərin tələsinə, indi də sübut etməyə çalışırlar ki, məsələn türklər ari irqindənmiş. Və hətta türklərin adını monqolların adı ilə yanaşı çəkilməsinə olan kəskin reaksiyalarda bunu sezmək olar. Ay balam, vaxtı ilə Hitler belə nəzəriyyələrin ortaya çıxmasına rəvac vermişdi. Alman alimləri "təcrübədə" sübut etməyə ağçalışırdılar ki, almanların irqi hamıdan təmizdi. Mənə bir şey qaranlıq qalır, tutalım ki, kişi xromosomu dəyişmir, onda bəs kim zəmanət verib ki, bu məhz ari irqinin xromosomudur. Bəlkə elə bu türklrəin xromosomudur. Bu misalı çəkməkdə məqsədim keçmişin həddindən artıq qurdalanmasının ziyanlı olduğunu göstərməkdir. Yəni bu o demək deyil ki, keçmişi qurdalamaq olmaz, ancaq bir az da gələcəklə maraqlanmaq lazımdı. Çünki tarix Fukuyamanın dediyi ki, hələ bitməyib və xalqların və millətlərin, sosiumların və siniflərin formalaşması bundan sonra da davam edəcək. Gəin lullubilərin türk olub olmamasından başqa bir az da gələcəkdə həmin bu lullubilərin nə olması barədə düşünək!"